Афоризмы
16
07.2013

Çelyabinskidə Azərbaycan diasporu

diaspora esas 1Bu gün Azərbaycan diasporunun ən geniş yayıldığı ölkələrdən biri Rusiya Federasiyasıdır. Hazırda Rusiya Federasiyasının paytaxtı Moskva və digər iri şəhərlərdə deyil, eləcə də bu ölkənin ən ucqar belə subyektlərində Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərir. Paytaxt Moskvadan tutmuş uzaq Sibirə qədər şimal qonşumuzun hər bir vilayətində diaspor təşkilatımıza rast gəlmək mümkündür. Rusiya Federasiyasında fəaliyyət göstərən diaspor təşkilatlarımızdan biri də Çelyabinskidə fəaliyyət göstərən “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzidir. Çelyabinskdə mövcud olan çoxsaylı diaspor təşkilatları kimi “Ozan” Mədəniyyət Mərkəzi də öz aktiv fəaliyyəti ilə seçilir. 1999-cu ildə yaradılan “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzi 2000-ci ildə rəsmi qeydiyyatdan keçib. Cəmiyyətə sədrlik edən dəyərli soydaşımız Rafael Quliyev eyni zamanda Ümumrusiya Azərbaycan Konqresi Çelyabinsk regional təşkilatının rəhbəridir. Rəfael Quliyev rəhbərlik etdiyi “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzinin ölkəmizin həqiqətlərinin, eləcə də zəngin tarixi-mədəni irsimizin yaşadığı vilayətdə yaşayan insanlara çatdırılması istiqamətində gördüyü işlərdən danışıb. Bildirib ki, “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzinin əsas məqsədi xalqımızın zəngin mədəniyyəti, adət-ənənələrini qoruyub yaşatmaq və təbliğ etmək, soydaşlarımızın müdafiə hüquqlarının təminatına yardımçı olmaqdır: “Eyni zamanda fəaliyyətimiz Rusiyada yaşayan azərbaycanlı ailələrdə böyüməkdə olan yeni nəslin ana dilimizi, tariximizi, mədəniyyətimizi mənimsəmələri və Rusiya demokratik dəyərlərinə uyğunlaşmalarına kömək göstərməkdən ibarətdir. “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzi şəhərin və vilayətin mədəni həyatında yaxından iştirak edir. “Ozan” Azərbaycan diasporunu birləşdirir və möhkəmləndirir, onun vətəndaş hüquqlarının, milli mədəni və sosial mənafelərinin gerçəkləşdirilməsinə, dilimizin və ənənələrimizin qorunub saxlanmasına kömək göstərir. Azərbaycanın dahi oğlu Heydər Əliyevin davamçıları kimi, biz Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələrinin möhkəmlənməsi üçün daim çalışırıq”. Mərkəz sədri qeyd edib ki, “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzi Çelyabinsk Vilayəti Xalqları Assambleyası ilə birlikdə məktəblərdə beynəlmiləlçilik tərbiyəsi sahəsində iş aparılmasına da yardım edir: “Mədəniyyət Mərkəzinin fəaliyyətinin öncül istiqamətlərindən biri də xeyriyyəçilikdir. Uşaq müəssisələrinə, xeyriyyə fondlarına, Böyük Vətən müharibəsi veteranlarına müntəzəm maddi yardım göstərilir. Eyni zamanda bələdiyyə müəssisələrinə, ictimai qurumlara sponsor yardımı, azərbaycanlı idmançıların iştirakı ilə yarışların təşkili, şəhər rəhbərliyi ilə birlikdə məktəblilər arasında rüblük “Kim? Harada? Necə?” bilik yarışmasının keçirilməsi və s. işlər bu qəbildəndir. Onu da qeyd etmək istərdim ki, cəmiyyətin internet saytı (www.ozan.ru) və eyni adlı qəzeti var. “Ozan” qəzetində diasporun həyatında baş verən ən mühüm hadisələr işıqlandırılır. Qəzetimiz Çelyabinskdə kütləvi informasiya vasitələrinin VIII festivalında “Ən yaxşı korporativ qəzet” nominasiyasında 1-ci yerin qalibi olub. Fəaliyyətə başladıqdan sonra hiss etdik ki, yeni vasitədən istifadə etməliyik. Bu məqsədlə də “Ozan” qəzetini təsis etdik. İndi də hiss edirik ki, qəzetdən də artıq bir iş görməliyik. Başladıq kitablar, jurnallar çap etdirməyə”. Rəfael Quliyev soydaşlarımızın cəmiyyətə fəal inteqrasiya etdiklərini söyləyib: “Bu gün Rusiyada elə bir ali məclis yoxdur ki, bizim səsimiz eşidilməsin. Biz, çalışırıq ki, azərbaycanlı biznesmenlər Çelyabinskə, onların biznesmenləri isə Azərbaycana sərməyə qoysunlar. Bu gün azərbaycanlı müəllim — professorlarımız, həkimlərimiz, biznesmenlərimiz Çelyabinskdə ilk onluğa düşürlər”. Mərkəz rəhbəri Çelyabinskidə yaşayan soydaşlarımızın sayı, onların başlıca məşğuliyyəti, xüsusilə gənclərin nə dərəcədə fəal olmaları barədə danışıb: “ Əvvəla onu qeyd edim ki, Çelyabinsk vilayətində 130-dan çox xalqın nümayəndəsi var. Hazırda orada 10 mindən artıq azərbaycanlı yaşayır. Onların ümumi məqsədi xalqlar arasında sülhün və əmin-amanlığın möhkəmləndirilməsidir. Ümumiyyətlə, ölkəmizlə bağlı nə qədər çox informasiya əldə etsək, bu bizim üçün çox önəmlidir. Biz orada fəaliyyət göstərən Xalqlar Assambleyasının üzvü olan digər diaspor təşkilatları — rus, alman, gürcü, qazax, tacik, özbəklərlə sıx əməkdaşlıq edirik, bir-birimizə dəstək oluruq, köməklik edirik. Bizim işlər nümunəvi olduğu üçün onlar bizə müraciət edir və keçirdiyimiz tədbirlərə onları da dəvət edirik. O ki qaldı, gənclərimizin nə dərəcədə aktiv olmasına, birmənalı olaraq qeyd edərdim ki, tarixi hadisələrin baş verdiyi zaman kəsiyində gənclər həmişə vacib və ciddi rollarını oynayıblar: “Ona görə də hər bir gənc hansı yerdə və proseslərə cəlb ediləcəklərsə, qarşıya qoyulan nəticənin həlli də o strategiyadan aslıdır. Bu baxımdan “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzinin də ətrafında güclü gənclər toplaşıb və onlar çox fəaldırlar. Çelyabinskidə bizim gənclər Azərbaycan haqqıda obyektiv fikir formalaşdırırlar. “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzinin gənclər üzrə sədr muavini İlkin Musayev ÜmumRusiya Azərbaycanlıları Konqresinin «Molodoy Гvordiya Edinoy Rossii» Çelyabinsk regional bölməsinin «Beynalxalq ələqələr» layihəsinin rəhbəri kimi əməkdaşlıq əlaqələrini möhkəmləndirərək gənclər təşkilatları ilə milli mədəniyyət mərkəzlərinin gənclərini bir araya toplayaraq, dəyrimi masa arxasında maraqlı mövzular araşdırırlar. Bunlarla yanaşı Azərbaycanın haqq səsinin yayan layihələrdən «Xocalıya ədalət» kampaniyası çərçivəsində Cənubi Ural Dovlət Universtətində keçirilən tədbir çox yadda qalan olub”. Rəfael Quliyev deyib ki, Azərbaycanın qədim tarixini və mədəniyyətini təbliğ edən gənclərimiz şəhər və vilayət rəhbərlərinin keçirdiyi tədbirlərdə «Uralın Dostluq Rəngarəngliyi» və «Ictimai-siyasi birliklər» fəal iştirak edirlər: “Onlar hər il Çelyabinsk şəhər administrasiyasi ilə birlikdə Böyük Vətən Müharibəsi veteranları və uşaqların müdafiyə günündə keçirilən tədbirlərdə iştirak edirlər. Onu da qeyd edim ki, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının rəhbəri Leyla xanım Əliyeva gənclərimizi daha da fərəhləndirir. Çelyabinsk gənclərini dəstəkləyir, bütün regionlardakı Gənclər təşkilatlarının qeydiyyatdan keçməsinə çalışır və istəyir ki, onlar güclü bir forum kimi fəaliyyət göstərsin”. Mərkəz rəhbəri onu da bildirib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasinin 90 illiyinə həsr olunmuş «Rusiya-Azərbaycan: dostluq qanadlarında» Çelyabinsk vilayətinin uşaq və gənclər festival-müsabiqəsində nəinki azərbaycanlılar, həm də coxmillətli Çelyabinsk gəncləri böyük maraqla iştirak ediblər: “Ümummilli liderimiz Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan Respublikasının tarixini, mədəniyyətini, iqtisadiyyatını, mətbəxini öyrənərək zəngin bilik topladılar. Gənclərimizin idman sahəsindəki naliyətləri də ürəkaçandır. Xəyal Canıyev tayboks üzrə dünya çempionu, İsmayıl Rzayev kiqboks üzrə dünya ikincisidir. İdman və bayram tədbirlərində daimi iştirak edən gənclərimiz, mədəniyyətimizi təbliğ etməklə yanaşı xalqlar arasında dostluğun möhkəmlənməsinə nail olurlar. Tədbirlərdə fəal iştirak etməklə, məntiqli çıxışları ilə reallığı təmsil edən gənclər kadr ehtiyatını təmin edirlər. «Gənclər bizim gələcəyimizdir» fikrini ümummilli liderimiz Heydər Əliyev 1996-cı ildə Azərbaycan gənclərinin I forumunda demişdir. Bir sözlə gənclər adətən yeniliklərin və onların qeyri-adi həllərini tapmaqla diasporun fəaliyyətini dəstəkləyir və yeni stimul verirlər”. “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Çelyabinskidə fəaliyyət göstərən erməni diaspor təşkilatlarının Azərbaycan diasporuna təsir edib-edə bilməməsinə də aydınlıq gətirib. Bildirib ki, ermənilər hər zaman azərbaycanlıların arxasınca gəlirlər: “Ancaq çata bilmirlər. Onlar bizimlə rəqabət apara bilmirlər. Ermənilər bizə yalnız paxıllıq edirlər. Sayca 14 minə yaxın olsalar da, onlar siyasi baxımdan bizdən aşağı yerdədirlər. Biz Azərbaycanla bağlı bütün tarixi günlərimizi qeyd edirik. Məsələn, Çelyabinskdə Xocalı soyqırımının, Azərbaycan həqiqətlərinin təbliğ olunması üçün xeyli işlər görmüşük. Qəzetimiz və internet saytımız vasitəsi ilə də təbliğat aparırıq. Bundan əlavə televiziyalarda materiallar yayırıq. Düzdür, müəyyən tapşırıqlar olur və problemlər yaradırlar. Ancaq biz müxtəlif vasitələrlə televiziyalara yol tapırıq və materiallarımızı yayırıq”. Rəfael Quliyev rəhbərlik etdiyi mərkəzin cəmiyyətindəki yeri və rolundan da söhbət açıb. Bildirib ki, mərkəz davamlı olaraq işlərini daha da gücləndirir: “İndiyədək bir sıra istiqamətlərdə layihələr həyata keçirmişik. Bunların bir qismi soydaşlarımızın problemləri, onların hüquqlarının qorunması ilə bağlı layihələrdir. Eləcə də dövlət orqanları ilə işbirliyimiz var. Belə ki, Çelyabinsk vilayətində qubernator yanında Milli Şuralar üzrə qurumda bizim təşkilat da təmsil olunur. Qanunvericilik orqanlarının nəzdində milli məsələlər üzrə qurumda, eləcə də Miqrasiya Xidmətinin tərkibində xüsusi şöbə var ki, orada da biz xalqımızı təmsil edirik. Bundan başqa orada yaşayan xalqların nümayəndələrinin təmsil olunduğu Xalqlar Assambleyası var ki, cəmiyyətimiz yarandığı vaxtdan bu assambleyanın fəal üzvüdür. Ümumiyyətlə, hansı bir qurumun tərkibində fəaliyyət göstərməyimizə baxmayaraq xalqımızı layiqincə təmsil etməyə çalışırıq. Xalqımızın tarixini, mədəniyyətini yaşadığımız ölkənin cəmiyyətinə çatdırırıq ki, bu da böyük rəğbətlə qarşılanır. Ümumiyyətlə, “Ozan” təşkilatı öz fəaliyyəti ilə fərqlənir. Məhz bunun nəticəsidir ki, Moskvada nəşr edilən “Rusiyanın ən yaxşı insanları” adlı kitaba Rusiyanın tanınmış dövlət xadimləri ilə yanaşı bizim təşkilatın nümayəndəsi kimi mən də daxil edilmişəm. Görülən işlər, mənəvi dəyərlərin təbliği istiqamətində həyata keçirdiyimiz tədbirlər bu müddət ərzində təşkilatımızın nümunəvi bir cəmiyyət kimi tanınmasına imkan yaradıb”.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

«OLAYLAR» от 16.07.2013, http://olaylar.az/news/diaspora/48129

1413
1 Star2 Stars3 Stars4 Stars5 Stars